İngilis Dili Öyrənən Zaman Etdiyimiz Ciddi Səhv

İngilis Dİli

İngilis dilini öyrənməyə başlayanların əksəriyyəti, xüsusilə məktəblilər yeni sözlərin tərcüməsini birbaşa olaraq ana dillərindən İngilis dilinə və yaxud əksinə öyrənirlər. Təəssüflər olsun ki, daha sonra vərdiş halını alan bu öyrənmə yöntəminin qarşısını almaq da çətinləşir.

Bəs nə üçün sözləri ana dilindən birbaşa tərcümə etmək tövsiyə olunmur?

İlk növbədə əksər dillərdə  bəzi qrup sözlər birdən çox mənanı ifadə edə bilər və eyni qayda İngilis dili üçün də keçərlidir. Baxmayaraq ki, ana dilinə tərcümə zamanı bəzi sözlər eyni mənanı ifadə edə bilir, sözlərin ingilis dilində yerinə uyğun işlənməməsi bəzi qrammatik və məntiqi səhvlərə yol açır. Məsəl üçün, “price” və “grade” sözlərinin hər ikisi sərbəst hallarda “qiymət” mənasını versə də, imtahandan alınan qiyməti “price”, mağazadan alınan kitabın qiymətini isə “grade” şəklində istifadə etmək ortada gülünc bir vəziyyət yaradır. Həmçinin sözün kontekstə uyğun deyil, sərbəst formasının tərcüməsini əzbərə öyrənmək mövzunu ingilis dilində düşünmənin qarşısının halır və dilin yazı ilə danışıq komponentlərində ciddi problemlər meydana gətirir.

Xüsusilə danışıq zamanı insanlar həmin sözləri unudan zaman onları xatırlamaq üçün müəyyən vaxt sərf edirlər və nəticə etibarı ilə dilin axıcılığı itir – yersiz pauzalara yol verilir, parazit ifadələrin istifadəsi çoxalır.

Bəs nə etməli?

Bu dildə müəyyən söz bazasına malik olduqdan sonra yeni sözləri sadə izahlar şəklində (“Definitions”) öyrənmək ən uyğun metodlardan biridir. Bunu “sözləri ingilis dilinin izahlı lüğətindən öyrənmək” də adlandırmaq mümkündür. Bunun üçün aşağıda 3 tövsiyə olunan onlayn lüğət təqdim olunur:

1. https://dictionary.cambridge.org/

2. https://www.oxfordlearnersdictionaries.com/

3. https://www.merriam-webster.com/

Lüğətdə izahı qeyd olunan hər bir sözə əlavə olaraq onunla əlaqəli bir neçə söz birləşməsi, cümlə, sinonim və eləcə də digər eyniköklü sözlərin qeyd olunması effektiv üsul hesab edilir.

Son olaraq unutmamaq lazımdır ki, bir sözün tam öyrənilməsinə əmin ola bilmək üçün onu bəsit sözlərlə izah edə bilmək gərəkdir. Dahi alim Albert Eynşteynin də qeyd etdiyi kimi: “Bir şeyi sadə şəkildə izah edə bilmirsizsə, demək onu kifayət qədər bilmirsiz”