Huawei’nin HarmonyOS əməliyyat sistemini cihazlarına quraşdıracaq ilk şirkət açıqlandı

HarmonyOS

Çin texnologiya nəhəngi Huawei tərəfindən 2 İyunda rəsmi olaraq təqdim ediləcək HarmonyOS əməliyyat sisteminin ilk müştərisi elektrik cihazları istehsalçısı oldu.

Huawei, HarmonyOS əməliyyat sistemini işə salmaq üçün hər şeyə hazırdır. Çin şirkəti öz Android alternativinə böyük ümidlər bəsləyir, bir çox elektron istehsalçısının ona maraq göstərməsini gözləyir və ilk tərəfdaş artıq tapılıb. Bu şirkət Çində kondisionerlərdən robotik tozsoranlara qədər aparıcı məişət texnikası istehsalçılarından biri olan Mideadır.

Məlumatlara görə, Midea rəhbərliyi, HarmonyOS ilə bir sıra məhsul buraxacağı Huawei ilə ortaq olduğunu elan etdi. Midea-nın IoT rəhbərliyinin vitse-prezidenti və baş texnologiya müdirinin dediyinə görə, Çinli elektron istehsalçısı bazardakı iştirakını genişləndirmək istəyir və yeni Huawei əməliyyat sistemi buna kömək edəcək. “Bu il HarmonyOS sistemi məhsullarımızın demək olar ki, bütün kateqoriyasını, yəni 200-ə yaxın cihaz növünü əhatə edəcək” deyə Midea şirkətinin yüksək səviyyəli icraçı direktoru deyib.

Bundan əlavə, Huawei‘nin əməliyyat sisteminin şirkət məhsulları ilə IoT sistemi arasında təsirli bir əlaqə quracağını və HarmonyOS ilə işləyən daha çox məişət texnikasının yaxın zamanda bazara çıxarılacağını da sözlərinə əlavə edib. Ancaq bunların hansı cihazlar olacağını ifadə etməyib.

Xatırladaq ki, HarmonyOS-un rəsmi təqdimatı 2 İyun Çərşənbə gününə planlaşdırılır. Yalnız smartfonlarda və mobil cihazlarda deyil, həm də ağıllı məişət texnikalarında, televizorlarda və avtomobillərdə quraşdırılması təklif olunur. Huawei, daha əvvəl HarmonyOS’u digər istehsalçılara təqdim etməyi planlaşdırdığını söyləmişdi. Bu il onsuz da 300 milyon cihaz yeni platformada işləyəcək ki, bunların da 100 milyonu üçüncü tərəf cihazları olacaq.